Zəngilan rayonu


Zəngilan rayonu - Azərbaycan Respublikasında inzibati rayon. Kiçik Qafqazın cənub-şərqində, Arazın sol sahilində yerləşir. Qərbdə və şimal-qərbdə Ermənistan Respublikası ilə, cənubdan İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 710 km2, əhalisi 40 500 nəfərdir (01.01.2011). Mərkəzi Zəngilan şəhəridir. Rayon 29 oktyabr 1993-cü il tarixdən erməni işğalı altındadır.
Rayona Zəngilan şəhəri, Üzümçülər, Beşdəli, Genlik, Keçikli, Malatkeşin, Sarıqışlaq, Mincivan qəsəbələri, Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Birinci Alıbəyli, Xumarlı, Sarıl, İkinci Alıbəyli, Zəngilan kənd, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Hacallı, Həkəri dayanacağı, Xurama, Muğanlı, Şərifan, İsgəndərbəyli, Ağakişilər, Ağbiş, Bartaz, Bartaz dayanacağı, Qarqulu, Məmmədbəyli, Babaylı, Cahangirbəyli, Tatar, Tiri, Turabad, Vəliqulubəyli, Ördəkli, Qaradərə, Qaragöz, Rəzdərə, Kolluqışlaq, Şatarız, Şayıflı, Aşağı Gəyəli, Qaragöl, Nəcəflər, Tağlı, Yusiflər, Canbar, Ağkənd, Dərəli, Günqışlaq, Qazancı, Pirveys, Yuxarı Cəyəli, Çöpədərə, Baharlı, Dəlləkli, Sobu, Böyük Gilətağ, Aladin, Dərə Gilətağ, Mirzəhəsənli, Muğanlı, Şamlı, Vənətli, Şərikan, Bürünlü, Seyidlər, Şəfibəyli, Məşədiismayıllı, Vejnəli, Ağbənd, Əmirxanlı, Orta Yeməzli, Aşağı Yeməzli, Yuxarı Yeməzli, Quyu Dərə Xəştab, Sarallı Xəştab, Zərnəli, Havalı, Yenikənd, Rəbənd kəndləri daxildir.
İşğaldan əvvəl rayonda 66 ümumtəhsil məktəbi, 4 yeddiillik musiqi məktəbi, tarix-diyarşünaslıq, daş abidələr və Xalqlar Dostluğu muzeyləri, mərkəzi kitabxana, uşaq kitabxanası, 65 kənd kitabxanası, mərkəzi rayon xəstəxanası, 4 kənd sahə xəstəxanası, 46 feldşer-mama məntəqəsi, 6 həkim ambulatoriyası, Mincivan dəmir yol xəstəxanası və s. fəaliyyət göstərmişdir. Tarixi-memarlıq abidələrindən dairəvi bürc (XIV əsr), türbə (1304-1305 illər), sərdabələr (XII - XIV əsrlər) və s. qeydə alınmışdır.


“İmam Hüseyn” məscidi


Zəngilan şəhərində yerləşən “İmam Hüseyn” məscidi XVII - XVIII əsrlərə aid edilir. Məscidin Səfəvilər dövründə tikilməsi ehtimal olunur. Onun ölçüləri 12 x 20 metr idi. İçərisində mehrab və taxça var idi. Tikintidə əsasən yerli əhəng daşından istifadə olunmuşdur. Divarlar üzlənməmişdir. Məscidin qapısı günçıxana açılırdı. Qapı tağformalı olmuşdur. Onun üst tərəfində kitabəsi var idi.
Hazırda “İmam Hüseyn” məscidi erməni vandalları tərəfindən dağıdılmışdır.


Məmmədbəyli türbəsi


Zəngilan rayonunun Məmmədbəyli kəndindəki türbə piramidal günbəzlərlə örtülmüş səkkizgüşəli prizmadan ibarətdir. Türbənin qapısı yerdən 1,8 m. hündürlükdədir. Orada yeraltı sərdabədə mövcuddur. Məmmədbəyli türbəsi Azərbaycanın bürcvari türbələrinə bənzəyir.
Sərdabənin döşəməsi yaxşı cilalanmış daşlarla döşənmişdir. Bu türbənin girişi üstündə olan və nəsx xətti ilə yazılmış bir kitabə vardır. Bu kitabədə dörd sətirdə "Qurani-Kərim"dən ayələr əks olunmuşdur. İki sətirdə, türbənin Məhəmməd əl-Hacın oğlu Yəhyanın şərəfinə hicri tarixi ilə 704-cü ildə (miladi 1305-ci il) tikildiyi göstərilmişdir.
Binanın memarı və bənnası Əli Məcdəddindir.
Zəngilan rayonu ermənilər tərəfindən işğal edildiyindən, türbənin hazırki vəziyyəti məlum deyil.


Şərifan məqbərəsi


Zəngilan rayonunun Şərifan kəndində, Həkəri çayının sağ sahilində qədim bir türbənin alt hissəsinin — sərdabəsinin qalıqları aşkar edilmişdir. Sərdabənin plan forması çıxıntıları olan kvadratdır (5,4 x 5,4 metr). Sərdabənin cənub divarında dayaz düzbucaqlı mehrab tağçası var.
Onun üst hissəsi stalaktitlə, yanları incə sütuncuqlarla bəzədilmişdir.
Sərdabənin çıxıntıları tağbəndlə, mərkəzi hissəsi sferik günbəzlə örtulmuşdur. Divar və tağlarının yaxşı yonulub cilalanmış daşlarla üzlənməsi, mehrab tağçası və tağın arxivoltunda oyma naxışlı bəzək zolağının işlənməsi və s. vaxtilə həmin sərdabənin çox yüksək memarlıq bədii həlli olan bir qülləvari türbəyə aid olduğunu deməyə əsas verir. Şərifan sərdabəsi XIII—XIV əsrlərin qovşağında tikilmiş abidə hesab edilir.


Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ


Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Dairəvi qüllə

 

Hacıalılar kəndi

Səkkizguşəli türbə

1304-1305-ci illər

Məmmədbəyli kəndi

Qız qalası

XII əsr

Əmirxanlı kəndi

Sərdabə

XIV əsr

Yenikənd kəndi

Sərdabə

XIII əsr

Şərəfan kəndi


Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri

MEMARLIQ ABİDƏLƏRİ

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Məscid

XIX əsr

Zəngilan kəndi

Məscid

XIX əsr

Malatkeşin kəndi

Məscid

XIX əsr

Qıraq Müşlan kəndi

Körpü

XIX əsr

Hacıalılar kəndi

Dairəvi bürc

XIII-XIV əsrlər

Hacıalılar kəndi

Məscid

XIX əsr

Müşlan kəndi


ARXEOLOJİ ABİDƏLƏR

Abidənin adı

Tarixi

Yerləşdiyi ünvan

Şəhri Şərifan yaşayış yeri

XIII-XIV əsrlər

Şərifan kəndi

Ağça Aşıq yaşayış yeri

Orta əsrlər

Havalı kəndi

Qız qalası

Orta əsrlər

Havalı kəndi

Qəsr qalası

Orta əsrlər

Oxçuçayın Araza töküldüyü yerdə